“Rusiya bu gün” Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində KİV nümayəndələri üçün Qafqaz Tarixi Mərkəzi tərəfindən çəkilmiş “Ermənistan və Azərbaycanın alternativ tarixi” sənədli filminin təqdimatı keçirilib. Təqdimat “Diqqət, tarix!” layihəsi çərçivəsində həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Film regionun tarixi, xüsusilə son 200 ildə Cənubi Qafqazda gedən proseslərdən bəhs edir.
Filmdə Rusiyanın ictimai-siyasi xadimlərinin fikirləri yer alıb. Onların fikrincə, Ermənistan indiki mərhələdə Rusiyanın strateji müttəfiqi ola və Moskvanın regiondakı maraqlarını qoruya bilməz. Həmçinin bildirilir ki, indiki Ermənistan Rusiyaya qarşı düşmən mövqe tutur, çünki dünyada ruslar ən çox Ermənistan ərazisindən qovulublar. Filmdə o da deyilir ki, Ermənistanın rus mədəniyyətinə düşmən münasibəti rusiyalı xadimləri bu respublikanın Kreml üçün dost ölkə olmadığını söyləməyə vadar edir.
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, film Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun rəhbərliyi altında həyata keçirilən “Erməni ictimaiyyətinə informasiya dəstəyi” layihəsi çərçivəsində çəkilib.
Filmin müəllifləri tarixdə erməni saxtakarlıqlarını ifşa edən sənədli filmlər silsiləsi çəkmək niyyətindədirlər.
F.İsazadə