Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr bu gün səhər şəhər ruhaniləri ilə müqəddəs Varfolomeyə həsr olunmuş ibadətdə iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Tədbir İçərişəhərdə, Qız qalasının yaxınlığında, 1936-cı ildə dağıdılmış apostol Varfolomey kilsəsinin yerində keçirilib - apostol məhz burada işgəncə ilə öldürülüb.
İbadət başa çatdıqdan sonra arxiyepiskop Aleksandr tədbir iştirakçıları qarşısında çıxış edib. O qeyd edib ki, müqəddəs apostol üçün oxunan dualar əbəs deyil, çünki o, bütün duaları eşidir.
“Apostolun duaları əvvəlki kimi qüvvədədir. O bizi qoruyur. Biz özümüz də görürük ki, onu nə qədər çox sevgi ilə xatırlayırıqsa, həyatımız bir o qədər yaxşılığa doğru dəyişir. Bizim sizinlə müqəddəs apostol üçün oxuduğumuz dualar əbəs deyil. Apostol bizim dualarımızı eşidir, bu şəhərə və onun sakinlərinə xeyir-dua verir. Bakı və Azərbaycanın onun duaları ilə bundan sonra da sülh və əmin-amanlıqda olacaq və çiçəklənəcək. Allahın və Müqəddəs Apostol Varfolomeyin xeyir-duası şəhərimizin üzərində olacaq.
Aleksandr ata qeyd edib ki, mərasim kafedral kilsədə davam etdiriləcək, mərasimin davamı olaraq dini liturgiya və xaç yürüşü həyata keçiriləcək. Məbədin ortasında sitayiş üçün Apostol Varfolomeyin qalıqlarının saxlanıldığı mücrü qoyulacaq. Bu mücrü 2003-cü ildə Konstantinopol patriarxı I Varfolomeyin Bakıya səfəri zamanı onun tərəfindən Azərbaycan xristianlarına hədiyyə edilib.
İçərişəhərdə Varfolomey kilsəsinin qalıqları 1964-cü ildə arxeoloqlar tərəfindən Bakının simvolu sayılan Qız qalasının yaxınlığında aşkarlanıb. İki min il bundan qabaq bu yerdə inancı uğrunda əzabla öldürülmüş Apostol Varfolomey Bakı şəhərinin hamisi hesab olunur.
Apostol Varfolomey İsa Məsihin 12 apostolundan biridir və eramızın 71-ci ilində atəşpərəstlər şəhəri olan Bakıda xristian dinini yaydığına görə çarmıxa çəkilib. Sonralar onun edam edildiyi yerdə Alban kilsəsi tikilib, 1892-ci ildə qədim məbədin yerində Müqəddəs Varfolomey kilsəsi ucaldılıb.
Lakin Sovet hakimiyyəti zamanı kilsə bir çox dini abidlər kimi ateizm siyasətinin qurbanı olub. Xristian kilsəsi Müqəddəs Varfolomeyi müqəddəslər sırasına daxil edib və hər il iyunun 24-ü Müqəddəs Varfolomey günü kimi qeyd edilir.
F.İsazadə