“İnterfaks-Azərbaycan” agentliyinin Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) baş katibi Valeri Çeçelaşvili ilə müsahibəsi
- Cari ilin sonunda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın baş katibi qismində səlahiyyətlərinizin müddəti bitir. Siz bu təşkilatın yarandığı vaxtdan ona rəhbərlik edirsiniz. Fəaliyyətdə olduğu dövr ərzində GUAM-ın inkişaf yolunu necə qiymətləndirirsiniz?
- Bəli, həqiqətən mən ilk katib olmuşam və cari ilin sonunda mandatım bitir. Bu vəzifəyə bu yaxınlara qədər Azərbaycanın İspaniyadakı səfiri olmuş karyeralı diplomat cənab Altay Əfəndiyev təyin edilib. Çox peşəkar insandır, həm ikitərəfli, həm də regional münasibətlərdə böyük təcrübəyə malikdir. O, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini vəzifəsində çalışıb. Düşünürəm ki, bu, təşkilat, eləcə də hər birimiz üçün yaxşı nailiyyətdir.
Keçdiyimiz yola gəlincə, bu gün GUAM yaxşı qurulan institusional, təşkilati struktura malik olan beynəlxalq regional təşkilatdır. Digər bütün beynəlxalq təşkilatlarda olduğu kimi, burada da iş tam sinxronlaşdırılıb. Əsas işçi qüvvəsi işçi qrupları və işçi orqanlarıdır. Bizim 9 bu cür işçi qrupumuz və 2 işçi orqanımız var. Bəzi qrupların altqrupları var. Bundan başqa, milli əlaqələndiricilər və xarici işlər nazirləri daim görüşürlər. Elə Cənab Əfəndiyev də Bratislava şəhərində keçirilən son iclasda (15 may 2015-ci ildə GUAM ölkələri XİN başçıları Şurasının 25-ci iclası - İF-Az) yeni vəzifəyə təyin edilib.
Açıq şəkildə deməliyəm ki, GUAM mürəkkəb yol keçib. Təşkilatımızın üstünlüyü ondan ibarətdir ki, onu təşkil edən 4 dövlət arasında dostluq, tərəfdaşlıq münasibətləri mövcuddur. Bu səbəbdən digər təşkilatlardan fərqli olaraq GUAM-da qarşılıqlı etimadsızlıq problemləri yoxdur. Lakin bu, bizim üzərimizə çox ciddi öhdəliklər də qoyur. Buna görə GUAM-ın ünvanına təndiq də eşitmək mümkündür, çünki daxili obyektiv vəziyyət imkan vermədiyi üçün digər beynəlxalq təşkilatlar çərçivəsində həll oluna bilməyən problemlər bizdə yoxdur.
Təbii ki, mən bu tənqidi qəbul edirəm, lakin ,o gələcəkdə daha yaxşıişləməyə sövq edir. Biz az iş görməmişik. Bizdə yaxşı təşkil edilmiş GUAM Azad ticarət zonası, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Virtual Mərkəzi fəaliyyət göstərir. İndi real iqtisadi layihələrin yer aldığı GUAM nəqliyyat tranzit dəhlizi konsepsiyasına malikik. Biz, xüsusilə energetka, su resurslarının idarə edilməsi, turizm, mədəniyyət və s. sahələrdə bir sıra konkret proqramlar üzərində çalışırıq. Buna görə indi ən mühüm məsələ təşkilatın mövcud potensialını reallaşdırmaqdır.
Prinsipcə, nəinki təşkilatda, həm də regionda mövcud vəziyyət ayrıca məsələdir. Avropada, xüsusilə də Ukraynada vəziyyətin gərginləşməsini, münaqişələrlə bağlı vəziyyəti nəzərdə tuturam. Biz bu məsələyə daim çox böyük diqqət ayırırıq. Dövlət başçılarımızın münaqişələrin sülh yolu ilə nizamlanmasıma dair xüsusi bəyanatına əsaslanan mövqeyimiz var və biz beynəlxalq birliyi bu mövqeni dəstəkləməyə səfərbər etmək üçün hər bir imkandan istifadə edirik.
- 2014-cü ildə Ukrayna da ərazi bütövlüyünün pozulması problemi ilə üzləşdi. Beləliklə, təşkilata üzv olan 4 dövlətin hamısı eyni faciəni yaşayıb. Lakin söhbət Ukrayna, Moldova və Gürcüstandan getdiyi zaman Qərb ərazi bütövlüyü məsələsini qaldırır, Qarabağ münaqişəsinə gəlincə isə susur. Necə düşünürsünüz, bu, nə ilə əlaqədar ola bilər?
- Sizinlə razıyam, əfsuslar olsun ki, münaqişələrlə bağlı bütün hallarda beynəlxalq birliyin ardıcıl mövqeyi müşahidə olunmur. Lakin GUAM-ın vəzifəsi məhz bundan ibarətdir, çünki biz həmrəy dövlətlərik və bir-birimizin dərdini və problemlərini bölüşürük. Biz yaxşı anlayırıq ki, digər dövlətlədən fərqli olaraq eyni seçim qarşısında dururuq. GUAM-ın əhəmiyyəri də bundan ibarətdir ki, biz bütün bu hadisələrin mərkəzindəyik və baxmayaraq ki, həmin münaqişələrin öz tarixçəsi, səbəbləri və s. var, onların əsası eynidir. Ümumidir. Əsas - beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik və qonşu dövlətlər tərəfindən təcavüz cəhdləridir. Və bu, həm BMT Nizamnaməsinin əsas normalarının, həm də ATƏT-in hamı tərəfindən qəbul edilmiş 10 prinsipinin pozulmasıdır. Buna görə bizim mövqeyimiz çox sadə və anlaşılandır. Düzünü deyim ki, mənim üçün bu mövqeyi müdafiə etmək hər zaman asan olub, çünki beynəlxalq hüquq prinsipləri nöqteyi-nəzərindən yaxşı əsaslandırılıb.
Məhz bu səbəbdən biz həm şərqdə, həm də qərbdə tərəfdaşlarımıza səylərimizin həm dövlətlərimizin təhlükəsizliyinin təminatına, həm də Avropada sülh və sabitliyin qorunub saxlanılmasına yönəldiyini izah etməkdə davam etmək üçün səylərimizi əsirgəməyəcəyimizi anlatmağa cəhd edirik. Yeri gəlmişkən, əgər dünya birliyi Azərbaycan, Moldova və Gürcüstanda mövcud olan problemlərə vaxtında diqqətlə yanaşsaydı, Ukraynada məlum hadisələr baş verməzdi. Biz indi bundan nəticə çıxarıb və separatçılıq, təcavüz və işğal faktlarının daha da genişlənməməsinə çalışmalıyıq. Çünki bu, çox təhlükəli ola bilər. Düşünürəm ki, indi bu anlayış hər yerdə möhkəmlənir.
Anlamaq lazımdır ki, hər bir ölkənin milli maraqları var ki, fərqli şəkildə reallaşdırılır. Həmçinin hökumət dəyişiklikləri baş verir. Müxtəlif ölkələrdə sol hökumətlər sağ hökumətlərlə əvəz olunur və əksinə. Onlar beynəlxalq münasibətləri müxtəlif səviyyələrə çatdırırlar. Müxtəlif anlayış gətirirlər. Ancaq hesab edirik ki, əsas norma və prinsiplər, təməl qorunub saxlanılmalıdır. Bu, oyunun qaydalarıdır və hər kəs buna riayət etməlidir. Əgər hamı onlara riayət etsə, biz ölkələrimizi sülh, sabitlik və əməkdaşlıq şəraitində inkişaf etdirə biləcəyik.
- “GUAM+” formatında keçirilən tədbirlərdə tez-tez Yaponiya və digər ölkələr iştirak edirlər. Həmin dövlətlər təşkilata üzv ölkələrlə iqtisadi əlaqələrə nə kimi maraq göstərirlər?
- Tərəfdaşlrımızla çox praqmatik əməkdaşlıq qurmuşuq. İndi 2 əsas tərəfdaşımız var - Yaponiya və Amerika Birləşmiş Ştatları. Bu 2 dövlətlə əməkdaşlığın inkişafına dair tam konkret planlarımız var. Xüsusilə 15-17 iyul tarixlərində milli əlaqələndiricilərin Yaponiya Xarici İşlər Nazirliyi və Qlobal Forumun dəvəti ilə bu ölkəyə səfəri gözlənilir. Mən də onları müşayiət edəcəyəm. Biz həm XİN-də danışıqlar aparacaq, həm də regionun siyasi və iqtisadi problemlərinə həsr olunan geniş beynəlxalq konfransda iştirak edəcəyik. Yeri gəlmişkən, səfərdə məqsədimiz həm də mövqeyimizin dəstəklənməsi üçün Yaponiya ictimai rəyini daha da səfərbər etməkdir.
İndi Tokio ilə vəzifəmiz Yaponiya-GUAM əməkdaşlığına dair ölkə hökuməti ilə plan imzalamaqdır. Bu plan bizim mövcud olan konkret layihə və əməkdaşlıq proqramlarımıza əsaslanır və praktiki olaraq energetikadan başlayaraq və su resurslarının idarə edilməsinə qədər çox geniş spektri əhatə edir. Mart ayında Yaponiyada GUAM ölkələrinin mütəxəssislərinin iştirakı ilə su resurslarının idarə edilməsinə dair çox maraqlı seminar keçirilib.
Bildiyiniz kimi, Yaponiya XXI əsr texnologiyalarına malik olan, yəni texnoloji cəhətdən super inkişaf etmiş dövlətdir. Mütəxəssislərimizə orada çox maraqlı idi. Onlar yaxşı çalışdılar, öz aralarında əlaqələr qurdular, bu səfərin nəticələri üzrə GUAM Katibliyində toplaşmaq barədə razılığa gəldilər.
Əməkdaşlığa dair yaxşı layihələr və proqramlar təqdim ediləcəyi halda yapon həmkarlarımız onların həyata keçirilməsində iştirak etməyə və həmin layihələri birgə maliyyələşdirməyə hazır olacaqlar. Bu, yaponlarla praqmatik əməkdaşlığımızın konkret nəticəsidir.
Bütün bunlar ABŞ ilə də əməkdaşlığımızı əhatə edir, ancaq bu ölkə ilə biz daha çox mütəşəkkil cinayətkarlıqla mübarizəyə yönəlmişik. Xüsusilə hazırda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Virtual Mərkəzində kriptoqrafiya sisteminin quraşdırılmasının son mərhələsindəyik.
Daha çox sayda xarici tərəfdaşların mütləq əməkdaşlığa cəlb olunması kimi məqsədimiz yoxdur. Xarici tərəfdaşlar barəsində problemlərimiz nöqteyi-nəzərindən konkret praqmatik marağımız olduğu halda bu cür əməkdaşlığı inkişaf etdiririk. Hazırda biz Vışeqrad Qrupu və BaltikyanıDövlətlər Şurası ilə əməkdaşlığa çox ciddi yanaşırıq. Bu, bizim növbəti məqsədimizdir. Yəqin ki, mən bu prosesi başlamağa müvəffəq olacağam, cənab Əfəndiyev isə onu davam etdirəcək.
Söhbət etdi Rasim Babayev