Azərbaycan və Fransa kosmik sənaye və nüvə tədqiqatları sahələrində əməkdaşlığın genişlənməsində maraqlıdır. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında qeyd edilir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın xarici ticarət naziri Mattias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Fransa arasında qurulan əməkdaşlıqdan söz açan Ə.Abbasov bu münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye və nüvə tədqiqatları sahələrində uğurla inkişaf etdiyini bildirib.
Nazir, həmçininFransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal rolunu vurğulayaraq, ölkənin ilk telekommunikasiya peyki “Azerspace-1”in orbitə çıxarılmasında Fransa şirkətlərinin yaxından iştirakını xatırladıb.
M.Fekl “Bakı-2015” Avropa Oyunları barədə təəssüratlarla bölüşüb. “Bu münasibətlə xalqımızı təbrik edən ali qonaq Oyunların keyfiyyətli və yüksək səviyyədə təşkilini, göstərilən yüksək nəticələri, o cümlədən qazandıqları medal sayına görə Fransanı geridə qoyan Azərbaycan idmançılarının nailiyyətlərini xüsusi vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Fransalı nazirin sözlərinə görə,iki ölkənin prezidentləri Fransua Olland və İlham Əliyev arasında qarşılıqlı səfər və görüşlər əməkdaşlığın inkişafına impuls verir. Bununla yanaşı, o, Azərbaycanla nüvə texnologiyaları, rabitə, kosmik sənaye sahələrində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.
Ə.Abbasov ikitərəfli münasibətlərin inkişafına xələl gətirə biləcək bəzi məqamları vurğulayıb. Xüsusən bu yaxınlarda Fransanın 3 şəhəri ilə qondarma Dağlıq Qarabağ arasında dostluq xartiyasının imzalanması məsələsinə toxunub. Nazir ciddi narahatlıq doğuran bu fakta Fransanın rəsmi qurumları tərəfindən reaksiyanın verilməsinin gözlənilən olduğunu deyib.
M.Fekl məsələdən xəbərdar olduqlarını və Fransanın rəsmi dairələrində məsələyə mənfi reaksiya verildiyini qeyd edib.
A.Əzizov