2015-ci il iyulun 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə Bakıda yaşayan vətəndaşlara verilmiş ipoteka kreditlərinin sayı 11,327 min təşkil edib. Bu barədə fondun saytında dərc edilmiş məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 1 iyul 2015-ci il tarixinə AİF-in xətti ilə 17,079 min, o cümlədən birinci yarımillikdə 1,237 min ipoteka krediti verilib. Beləliklə, fondun xətti ilə verilən bütün ipoteka kreditlərinin 68,4%-i Bakının payına düşüb.
Bununla yanaşı, 2015-ci ilin birinci yarısında 559 ipoteka krediti və ya AİF-in xətti ilə bütün ipoteka kreditlərinin 45,1%-i Bakıda verilib.
1 iyul 2015-ci il tarixinə Sumqayıtda 1,563 min, Abşeron rayonunda (Xırdalan) 773, Gəncədə 599, Naxçıvanda 142 ipoteka krediti verilib, qalanı respublikanın digər şəhərlərinin payına düşüb.
AİF-in statistikasına əsasən, paytaxtda daha çox Xətai (23,1%), Yasamal (15,7%) və Binəqədi rayonlarında (14%) mənzil ipotekaya götürülür. Ən az ipoteka paytaxtın Qaradağ (2,9%), Səbail (3,6%) və Sabunçu rayonlarında (4,6%) mənzillərin alınması üçün verilir.
18-29 yaş arasında olan (bütün ipoteka kreditlərinin 37,5%-i), 30-35 yaş arasında olan (33,6%) və 36 yaşdan yuxarı şəxslər (28,9%) daha tez-tez ipoteka krediti götürür.
Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 92,6%-i çoxmərtəbəli binalarda mənzil alınması, 7,4%-i fərdi evlərin alınması ilə bağlı olub. Bununla yanaşı, ipoteka kreditlərinin 42%-i 40-60 kvadratmetr sahəsi olan mənzillərin, 30,5%-i 60-80 kvadratmetr sahəsi olan mənzillərin, 10,9%-i 80-100 kvadratmetr sahəsi olan mənzillərin, qalanı isə digər sahələrə malik mənzillərin alınması üçün verilib.
Bütövlükdə ipotekaya götürülmüş mənzillərin 54,7%-i 30-60 min manat, 36,4%-i 60-90 min manat, 4,5%-i 90-120 min manat, 2,4%-i 30 min manata qədər, 2%-i 120 min manatdan yuxarı məbləğdə olub.
Aktiv şəkildə mənzil ipotekaya götürənlər ailəli şəxslər (68,2%) və kişilərdir (83,1%). Borc alanların 35,3%-nin aylıq gəliri 11 min manatı, 21,2%-nin - 700-900 manatı, 18,3%-nin - 500-700 manatı, 15,4%-nin isə 900-1100 manatı ötür.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
A.Əzizov