Prezident İlham Əliyev beynəlxalq səviyyədə ölkənin maraqlarının qorunmasında milli mətbuatın rolunun vacibliyini qeyd edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib”, - deyə İ.Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı bildirib.
Bu gün mətbuatımızın inkişaf baxımından yeni səviyyəyə qalxdığını deyən dövlət başçısı Mətbuat Şurasının işini yüksək qiymətləndirib.
Mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən prezident deyib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək.
İ.Əliyev Azərbaycanda azad cəmiyyətin formalaşmasında mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
“Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır”, - deyə prezident qeyd edib.
O, mətbuatı mütəmadi izlədiyini və jurnalistlərin qaldırdıqları məsələlərə dərhal reaksiya verdiyini bildirib.
Prezident bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb.
Rəsmi Bakının beynəlxalq mövqelərinə toxunan İ.Əliyev xarici mediada Azərbaycana qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirib, buna səbəb kimi isə respublikanın müstəqil siyasətini, uğurlarını göstərib.
Prezident vurğulayıb ki, erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir
“Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik”, - deyən dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın rolunun artırılmasının vacibliyini bildirib.
“Xalqımız vahid və milli ideyalar ətrafında birləşib və bu proses bundan sonra da davam edəcək. ”, - deyən prezident bununla bağlı mətbuatın üzərinə böyük vəzifələrin düşdüyünü xatırladıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə prezident İ.Əliyevə minnətdarlığını bildirib və şuranın xüsusi mükafatını dövlət başçısına təqdim edib.
İ.Əliyev çıxışlarda səslənən təkliflərə baxılacağını və medianın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonra dövlət başçısı milli mətbuatın 140 illiyi münasibətilə imzaladığı sərəncama əsasən Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları təqdim edib.
R.Babayev