Ağ Ev İranın nüvə proqramına dair əldə edilmiş son razılaşmalar çərçivəsində Tehran tərəfindən real irəliləyişlərin şahidi olmadan İranın üzərindən sanksiyaları götürməyəcək. Bu barədə ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland bəyan edib.
“Qiymətləndirmə prosesi başa çatmadan sanksiyalar rejimi ilə bağlı heç nə dəyişməyəcək. Bu prosesə 6 aydan sonra başlana bilər”, - deyə o, Bakıda keçirdiyi brifinqdə bildirib.
İranın gələcəkdə Azərbaycanın təşəbbüskarı olduğu Trans-Anadolu qaz boru kəməri (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) layihələrinə qoşulmasını şərh edən R.Hoqland qeyd edib ki, İranın gələcək hərəkətlərindən asılı olaraq bu məsələ daha sonrakı mərhələlərdə aydın olacaq.
“Bundan sonra hadisələrin necə cərəyan edəcəyini izləyəcəyik. Bu gün proqnoz vermək çətindir. Lakin birmənalı olaraq dəyişikliklər iqtisadi xarakterli və ümid edirik ki, müsbət olacaq”, - deyə R.Hoqland vurğulayıb.
O deyib ki, Tehran və Vaşinqton arasında “həqiətən də tarixi saziş imzalanıb”.
“Texniki baxımdan bu, mürəkkkəb sazişdir. MAQATE sazişin bütün texniki aspektlərini dəqiqləşdirmək məqsədilə 6 ay ərzində və hətta daha çox işləyəcək”, - deyə R.Hoqland bildirib.
F.İsazadə