Azərbaycan kinematoqrafçılarının "Nabat" bədii filmi Almaniyada 9-cu "Fünf Seen" ("Beş göl") beynəlxalq müstəqil film festivalında iştirak edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Avqustun 9-dək davam edəcək festivala Hindistan, Rusiya, Türkiyə, Kanada və digər ölkələrin kinematoqrafçılarının çəkdiyi filmlər daxildir.
"Nabat" bədii filmi bir çox nüfuzlu beynəlxalq film festivallarında mükafatlara layiq görülüb. Film Qarabağ müharibəsi zamanı baş verən dramatik hadisələrə həsr olunub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev və Həsənağa Səfərov çəkiliblər.
A.Zeydullayeva