2015-ci il avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycanda işləyən 25,603 min əcnəbi vətəndaş Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta ayırmaları həyata keçirir ki, bu da ilin əvvəlinə olan göstəricidən 13,73% çoxdur. Bu barədə DSMF-in məlumatında deyilir.
Dövlət sosial sığorta sistemində fərdi hesabı olan əcnəbilərin 88,43%-ni kişilər, 11,75%-ni isə qadınlar təşkil edir.
Hazırda 109 ölkənin vətəndaşları DSMF-də qeydiyyata alınıb. Bu şəxslər üçün fərdi sosial sığorta hesabları açılıb və onların həyata keçirdiyi məcburi dövlət sosial sığorta ödənişləri bu hesablara yığılır.
Mlumatda vurğulanır ki, DSMF-də qeydiyyatda olan əcnəbilərin böyük hissəsi Türkiyəni (13,091 min nəfər), Gürcüstanı (2,814 min nəfər) və Rusiyanı (1,512 min nəfər) təmsil edir.
Bundan başqa, fondda İran (944), Çin (835), Hindistan (824), Böyük Britaniya (525), Pakistan (514), Ukrayna (359), Banqladeş (316), Özbəkistan (261), Almaniya (226), ABŞ (220), Filippin (216), Türkmənistan (201), Qazaxıstan (191), Cənubi Koreya (186), İtaliya (178) və başqa ölkələrdən qastarbayterlər qeydiyyatdadır.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların məcburi sosial sığorta üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb.
N.Abbasova