Sentyabrın 25-də Akademik Milli Dram Teatrında əməkdar artisti, Dövlət mükafatı laureatı Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
V.Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda görkəmli aktrisa, SSRİ xalq artisti Hökumə Qurbanova və xalq rəssamı Nüsrət Fətullayevin ailəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb.
Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz, M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" tamaşasında Zeynəb, H.Cavidin “İblis” tamaşasında Rəna və s. maraqlı obrazlar yaradıb.
Bundan başqa, V.Fətullayeva televiziya tamaşalarında çıxış edib. Ağır xəstəliyə düçar olan aktrisa 1987-ci il mayın 21-də, 42 yaşında vəfat edib.
A.Zeydullayeva