Təhsil Nazirliyi Azərbaycanın bəzi məktəblərində “Sağlam təhsil – sağlam millət” pilot layihəsini uğurla tətbiq edir.
KİV nümayəndələri Bakı şəhərindəki 47 nömrəli tam orta məktəbdə yaradılmış “Sağlam təhsil” sinfi ilə tanış olmaq imkanı qazanıblar.
Bildirilib ki, 2015-2016-cı tədris ilində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb. Beləliklə, onların sayı 67-yə çatıb. Təkcə Bakıda 33 məktəbdə belə siniflər yaradılıb.
Qeyd edək ki, “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. Hər 15 dəqiqədən bir şagirdlər yerlərini dəyişirlər (araşdırmalar nəticəsində məlum olub ki, məhz 15 dəqiqədən sonra insanın diqqəti yayınır və tətbiq edilən metodika təhsilin səviyyəsinin yüksəldilməsinə kömək edir). Beləliklə, uşaqlar eyni vəziyyətdə qalmaqdan yorulmayacaqlar. Adi məktəblərin şagirdlərindən fərqli olaraq onlar özlərini daha rahat hiss edirlər.
Bu siniflərdə dərs deyən müəllimlərin maarifləndirməsi işini daha səmərəli təşkil etmək məqsədilə “Sinif gigiyenası” adlı metodik vəsait hazırlanıb vəhəmin vəsait müəllimlərə çatdırılıb.
Belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.
Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti, bu layihədə gigiyena və uşaq sağlamlığı üzrə ekspert Şəhla Balayevanın sözlərinə görə, bu siniflərdə oxumaq üçün şagirdlər xüsusi olaraq seçilmir. Bu siniflərə seçim əsasən şagirdlərin və onların valideynlərinin istəyi əsasında aparılır. O, həmçinin qeyd edib ki, layihənin spesifikası şagirdlərin fiziki və psixoloji vəziyyətinə müsbət təsir göstərir ki, bunu onların valideynləri də təsdiq edirlər.
Təhsil Nazirliyinin pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova bildirib ki, bu siniflər adi siniflərdən şagirdlərin hazırlıq və tədrisin təşkili səviyyəsi ilə fərqlənirlər. “Məsələn, sinif otağının özü panorama effektinə malikdir, burada düz xətlər və künclər yoxdur ki, bu da şagirdləri stresdən uzaq tutur, onların normal psixoloji vəziyyətini qoruyur”,- deyə o bildirib.
A.Süleymanova sinif otağının tavanından asılmış göz üçün məşq alətinə diqqət çəkərək bildirib ki, bu, görmənin zəifləməsinin qarşısını alır. “Bundan əalvə, tavandan təlim prosesində zəruri olan və metodika baxımından vacib əhəmiyyətə malik avadanlıqlar asılır. Onlar dərsin mövzusundan asılı olaraq dəyişdirilir, uşaqların diqqətini cəlb edir və onlara materialı daha yaxşı mənimsəməyə imkan yaradır”,- deyə məsləhətçi bildirib.
Sinifdə 20-yə yaxın şagird təhsil alır. Bu metodikanın nəticələri öyrənildikdən sonra layihənin gələcək taleyi aydın olacaq. Uğurlu nəticə əldə edilərsə, metodika digər siniflərdə də tətbiq olunacaq.
A. Zeydullayeva