Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin kəskin dəyişməsi üçün əsas görmür. Bu barədə cümə günü jurnalistlərə AMB-nin İdarə Heyətinin sədr müavini Xaqani Abdullayev bildirib.
“Valyuta bazarında sabitlik müşahidə olunur. Valyutaya tələbat stabilləşib. Həmçinin təkliflərin də stabilləşməsi müşahidə edilir. Hazırda ölkənin tədiyyə balansı tarazlaşdırılıb. Manatın məzənnəsinin kəskin dəyişməsi üçün əsasın olmadığını hesab edirik”, - deyə X.Abdullayev qeyd edib.
O vurğulayıb ki, ortamüddətli perspektivdə AMB manatın məzənnəsinin çevikliyini artırmağı planlaşdırır. “Lakin 2015-2016-cı illərdə manatın məzənnəsinin kəskin dəyişməsinə zərurət görmürük”, - deyə o əlavə edib.
2015-ci ilin avqust ayında ABŞ dollarına tələbatda artım müşahidə olunub. Nəticədə həmin ay AMB-nin valyuta ehtiyatları iyul ayı ilə müqayisədə $1 mlrd. 186,1 mln. və ya 13,9% azalıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov