Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın diaspor təşkilatının rəhbərinə müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələri genişləndirmək, elm, təhsil layihələrini və bu sahədə təcrübə mübadiləsini inkişaf etdirmək həvalə olunub.
Kürdəmir rayonunda doğulan M.Ömərov 35 ildir Xarkovda yaşayır. Xarkov Milli Radioelektronika Universitetində namizədlik və doktorluq dissertasiyaları mudafiə edərək elmi fəaliyyətini davam etdirib. 2005-ci ildə Belarus, Rusiya və Ukrayna tətbiqi radioelektronika Akadamiyalarının akademiki seçilən M.Ömərov onlarla elmi işin müəllifidir, onun ixtiraları xalq təsərrüfatının müxtəlif sahələrində uğurla tətbiq olunur.
M.Ömərov diaspor sahəsindəki xidmətlərinə görə Azərbaycan prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.
R.Babayev