Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Parisdə UNESCO baş konfransının 38-ci sessiyasında çıxış edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Çıxışı zamanı nazir İnçxon bəyannaməsinə toxunaraq təhsil sahəsində beynəlxalq əməkdaşlıq işində onun əhəmiyyətini qeyd edib. M.Cabbarov deyib ki, təhsil sisteminin dayanıqlı inkişafının təmin olunması üçün səyləri birləşdirmək lazımdır, “Təhsil-2030 Fəaliyyət Planı”nın qəbul edilməsi isə həmin birgə səylərin göstəricisidir.
“Bu istiqamətdə yeni innovativ yollar axtarıb tapmaq lazımdır”, - deyə nazir daha əvvəl həyata keçirilmiş tədbirlərin nəticəsi kimi UNESCO-nun səmərəli fəaliyyətini qeyd edib.
Onun sözlərinə görə, təhsilin inkişafı yoxsulluq və ekstremizmlə mübarizədə ən səmərəli üsul, eləcə də bu gün bəşəriyyət qarşısında duran bir çox problemlərin həllinin açarıdır.
M.Cabbarov tədbir iştirakçılarına Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və inklüziv təhsilin tətbiqi barədə də məlumat verib.
O bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı və dinc sakinlərin qaçqına çevrilməsi nəticəsində respublikada yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, ölkə hakimiyyəti təhsil sektoruna böyük məbləğdə sərmayələr yatırır. Beləliklə, respublika məktəblərinin 70%-i yenidən qurulub və təmir edilib.
Təhsil naziri həmçinin vurğulayıb ki, qaçqın və məcburi köçkünlərin uşaqlarının baza təhsili almaq hüququnu təmin etmək üçün son 10 il ərzində yüzlərlə məktəb inşa edilib. “Təhsilsiz uşaqlar itirilmiş uşaqlardır, bu isə gələcəyin itirilməsi deməkdir”, - deyə M.Cabbarov nitqinə yekun vurub.
Nazirin nitqinin mətni UNESCO-nun “Twitter” səhifəsində yerləşdirilib.
A.Zeydullayeva