Təhsil naziri Mikayıl Cabbarov elmi institutlara əməkdaşlıq təklif edib.
“Qarşımızda duran ümumi məqsəd və vəzifələrdən irəli gələrək Milli Elmlər Akademiyasını və onun institutlarını “Elmdən Təhsilə” adlı məqsədli proqramının işlənib hazırlanmasına dəvət etmək istərdim”,- deyə təhsil naziri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu Proqram çərçivəsində Elmlər Akademiyası sistemində çalışan alimlər ölkəmizin ən yaxşı ali təhsil müəssisələrində elmi tutumlu ixtisaslar üzrə təhsil alan tələbələrə fənləri edib, elmlə təhsilin daha dərin inteqrasiyasına töhfə verəcək, toplanmış elmi biliklərin növbəti nəsillərə ötürülməsinə imkan qazanacaq, elmi potensialı olan istedadlı tələbələri vaxtında aşkar etməyə kömək etmiş olacaqlar.
“Öz tərəfimizdən biz məqsədli Proqram çərçivəsində baza ali təhsil müəssisələrini və ixtisasları müəyyənləşdirməyə, həmçinin dərs deyəcək alimlərin maddi təminat məsələsini həll etməyə hazırıq”,- deyə nazir bildirib.
“Elmdə və təhsildə nəsillər arası güclü əlaqəni təmin etmək bu gün qarşımızda duran ən mühüm vəzifədir”,- deyə nazir əlavə edib
Onun sözlərinə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirir.
Strategiyada ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə aparılması, istedadlı gənclər üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi kadrların hazırlanmasına birbaşa xidmət edəcəkdir. Bu hədəflərə çatmaq məqsədilə Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi barədə qərar qəbul etmişdir.
“ İnanırıq ki, burada təhsil alan istedadlı gənclər içərisindən gələcəkdə yüksək ixtisaslı elmi mütəxəssislər də yetişəcəkdir”,- deyə nazir bildirib.
A.Zeydullayeva