2015-ci ilin dekabr ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə Bakı-Aktau istiqamətində 566 yük maşını daşınıb. Bu barədə QSC-nin məlumatında qeyd edilir.
“2015-ci ilin yanvar-noyabr aylarında isə Bakı-Aktau istiqamətində ayda orta hesabla 60 yük maşını daşınıb. Bu da 10 dəfədən çox artım deməkdir”, - deyə məlumatda qeryd olunur.
2016-cı ilin ilk 7 günü ərzində bu istiqamətdə 255 yük maşını daşınıb.
Məlumata görə, Ələt limanında yük avtomobillərinin sıxlığının tam aradan qaldırılması istiqamətində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən ardıcıl tədbirlər görülməkdədir. Qış aylarında hava şəraitinin çətinliyinə baxmayaraq, gəmilərin əlavə səfərləri təşkil edilir, ehtiyatda olan gəmilər istismara qaytarılır.
Belə ki, dekabrın ortalarından keçən müddətdə əlavə 3 bərə - “Akademik Topçubaşov”, “Qarabağ” və Professor Gül” gəmiləri istismar ehtiyatından çıxarılaraq yükdaşımalara cəlb edilib. Yaxın günlərdə daha bir gəmi – “Merkuri-1” müvafiq texniki işlərdən sonra istismara buraxılacaq.
N.Abbasova