Prezident İlham Əliyev hökumət qarşısında respublikanın daxili resursları hesabına iqtisadi inkişaf templərinin təmin edilməsi vəzifəsini qoyub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.
"Dövlət başçısı daxili resurslar hesabına iqtisadi inkişaf templərinin, düşünülmüş siyasətin, islahatların, o cümlədən də struktur islahatların təmin edilməsini hökumət qarşısında vəzifə olaraq qoyub", - deyə İ.İsaev bu gün jurnalistlərə söyləyib.
"Prezidentin hökumətə verdiyi əsas tapşırıqlardan biri devalvasiyanın əhalinin rifahına mənfi təsirinin minimuma endirilməsi məqsədilə pensiya və əmək haqlarının artırılmasına dair təkliflərin hazırlanması ilə bağlıdır", - o əlavə edib.
O vurğulayıb ki, İ.Əliyevin tapşırıqlarının icrası üçün devalvasiyanın minimal istehlak səbətinə təsirinin öyrənilməsi üzrə işlərə başlanılıb, istehlak qiymətləri nəzarətə götürülüb, eləcə də un və un məmulatlarının qiymətlərinin ucuzlaşdırılması istiqamətində fiskal tədbirlər görülüb.
Nazir müavininin sözlərinə görə, hökumət alıcılıq qabiliyyətinin yüksəldilməsi və qiymət artımının əhalinin aztəminatlı təbəqəsinə təsirinin azaldılması məqsədi ilə sosial ödənişlərin artırılmasına dair təkliflər də hazırlayıb.
F.İsazadə