Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Federasiyasının vətəndaşı, Kommunist Sosial Ədalət Partiyasının sədri, Rusiya Böyük Mason Lojasının Ali ustadı Andrey Boqdanovu Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarıb. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
A.Boqdanov Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfərə görə Azərbaycan XİN tərəfindən “arzuolunmaz şəxslər" siyahısına daxil edilib.
Məlumata əsasən, Mason Lojasının Ali ustadı Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Məktubunda A.Boqdanov Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib.
O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.
A.Boqdanov həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
A.Boqdanovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.
F.İsazadə