Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının çərşənbə axşamı britaniyalı deputat Robert Volterin hazırladığı "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin və onun əsasında hazırlanmış qətnamə layihəsinin qəbul edilməməsinə təəssüf edir.
Xüsusilə sənəddə “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması” və “həmin ərazilərdə Azərbaycanın tam nəzarətinin təsdiq edilməsi”nə çağırış öz əksini tapıb.
“Təəssüf ki, məruzəçi Robert Volterin hazırladığı və "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzə, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsi qəbul edilməyib. Səsvermədə iştirak edən AŞPA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb”, - deyə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatında qeyd olunur.
Onun sözlərinə görə, münaqişənin həllində hər hansı irəliləyişin olmadığı şəraitdə Azərbaycan digər beynəlxalq təsisatların Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüslərini dəstəkləyir və bundan sonra da bu məsələnin beynəlxalq təşkilatların gündəmində saxlanması və ədalətli mövqeyimizin müdafiə olunması istiqamətində səylərini davam etdirəcək.
Eyni zamanda, XİN məruzəçi Militsa Markoviçin (Bosniya və Herseqovina) hazırladığı "Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı məruzə və müvafiq qətnamə layihəsinin qəbulunu alqışlayıb.
Xəbər verildiyi kimi, yanvarın 26-da məruzə ilə çıxış edən M.Markoviç bəyan edib ki, Ermənistan azərbaycanlıların Sərsəng su anbarından istifadəsinə əngəl yaradır. “Hazırda yerli əhalinin tələbatlarını ödəmək üçün kifayət qədər su ehtiyatı yoxdur”, - deyə o vurğulayıb.
Məruzəçinin sözlərinə görə, bununla əlaqədar azərbaycanlı əhalinin məhsul yığımı aşağı səviyyədədir. “Söhbət Ermənistanla həmsərhəd olan Azərbaycan rayonundan gedir. Bu, Azərbaycan regionu olsa da, Ermənistan tərəfinin nəzarəti altındadır”, - deyə deputat bildirib.
O vurğulayıb ki, erməni tərəfi Sərsəng su anbarı ilə bağlı vəziyyəti öyrənmək üçün onun “işğal altında olan ərazilərə” səfər etməsinə imkan verməyib.
A.Əzizov