Türkmənistan Türkmənbaşı şəhərində tikilən gəmiqayırma zavodunda müxtəlif təyinatlı gəmilər, o cümlədən neft məhsullarının, maye qazın, neft və qaz platformalarının, quru yüklərin və yedəklərin daşınması üçün nəzərdə tutulan gəmilər istehsal etməyi planlaşdırır. Bu barədə ölkənin neft-qaz kompleksinin elektron qəzetində məlumat verilir.
Müəssisənin tikintisi Xəzər dənizi sahilində yeni beynəlxalq dəniz limanının yaradılması layihəsi çərçivəsində həyata keçirilir. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov dünən özü şəxsən tikinti işlərinin gedişi ilə tanış olub.
Qəzet yazır ki, gəmiqayrma zavodunun işə salınması ölkənin dəniz ticarəti donanmasının formalaşmasına, istehsal həcmi ilbəil artan neft və neft-qaz kimya məhsullarının ixracının genişləndirilməsinə kömək edəcək.
Beynəlxalq IACS standartlarının tələbləri əsasında tikilən və 166 mln. kvadratmetr ərazini əhatə edən zavodun layihə gücü ildə 10 min ton polad emalına hesablanıb. İldə 4-6 böyük gəminin suya buraxılması və 20-30 gəminin təmir edilməsi nəzərdə tutulur.
Daha öncə xəbər verilmişdi ki, Türkmənbaşıda beynəlxalq limanın tikinti işləri Türkiyənin “Gap İnşaat” şirkəti tərəfindən həyata keçirilir. Layihə bərə, sərnişin və konteyner terminallarının, multimodal loqoparkın, ümumi yük kompleksinin, dənəvər yük terminalının, gəmiqayırma və gəmi təmiri zavodlarının tikintisini nəzərdə tutur. Çoxfunksiyalı limanın ümumi sahəsi 1,2 mln. kvadratmetr, yanalma xətti 3,6 min metr olacaq. Həmçinin sahil infrastrukturu obyektlərinin və dəmir yollarının, liman yaxınlığında mehmanxananın, ticarət və əyləncə mərkəzlərinin tikintisi nəzərdə tutulur.