Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Sessiyada AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən və fəaliyyətindən danışıb. Bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Səkkiz gün davam edən Birinci Türkoloji Qurultay dövrünün möhtəşəm hadisələrindən biri olub və burada çox mühüm ortaq məsələlər müzakirə edilib.
Qeyd olunub ki, Türkdilli xalqlar içərisində ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib, XX əsrdə türkologiyaya ən geniş baxış bu qurultayda nümayiş olunub. Bu mötəbər tədbirin formatında ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub. Eyni zamanda, burada türk xalqlarının inkişafı və onların həyatında mühüm rol oynayan bir sıra qərarlar qəbul edilib.
Akademik İ.Həbibbəyli bildirib ki, bu il Bakıda türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq və bununla bağlı AMEA-da bir sıra tədbirlər keçiriləcək.
Tədbirdəqurultayın tarixi, əhəmiyyəti və fəaliyyətindən bəhs edən məruzələr dinlənilib.
Səkkiz gün davam edən bu mötəbər tədbirdə müxtəlif ölkələrdən 131 nümayəndə iştirak edib, 17 iclas keçirilib, yeddi əsas problem müzakirə olunub və ümumilikdə 38 məruzə dinlənilib. Qurultayda əsas müzakirəyə çıxarılan ortaq türk xalqlarının dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də öz aktuallığını qoruyub saxlayır. Qeyd olunub ki, bu ilin oktyabrında ölkəmizdə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiriləcək.
A.Zeydullayeva