Rusiyanın da, Azərbaycanın da dövlət siyasəti insanları milli və dini mənsubiyyətlərinə görə ayırmır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bəyan edib.
“Rusiyanın da, Azərbaycanın da dövlət siyasəti insanları milli və dini mənsubiyyətlərinə görə ayırmır, məhz buna görə də vətəndaşlarımız arasında nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur. Bunun zəmanəti isə xalqlarımızın və rəhbərlərimizin müdrikliyidir”, - deyə A.Paşazadə Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərinin “Forum” dövlət konsert zalında Kabarda-Balkar Müsəlmanlarının VII Qurultayında bəyan edib.
A.Paşazadə Rusiya dövlət rəhbərliyi tərəfindən ənənəvi İslama verilən dəstəkdən, daimi qayğıdan və Rusiya vətəndaşlarının, o cümlədən müsəlmanların ənənəvi dəyərlərinin qorunmasından və mənəvi keyfiyyətlərinin himayəsindən məmnunluğunu ifadə edib.
O, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiq edilən RF milli təhlükəsizlik strategiyasını xatırladıb. Həmin sənəddə Rusiya Federasiyası xalqlarının tarixlə formalaşmış vahid mənəvi-əxlaqi və mədəni-tarixi dəyərləri sistemi, eləcə də Rusiya Federasiyasının çoxmillətli xalqının özünəməxsus mədəniyyətinin Rusiya mədəniyyətinin ayrılmaz hissəsi olduğu qeyd edilir.
QMİ rəhbəri Rusiyanın terrorun, xüsusilə də öz mənfur əməlləri ilə böyük dünya dinlərindən olan İslamın adını ləkələyən, öz zorakılıqları ilə dünya birliyinin gözündə İslamın adının terror, vandalizm və cəhalətlə birlikdə çəkilməsinə cəhd edən “İslam dövləti” kökünün kəsilməsi istiqamətində Rusiyanın səylərini dəstəklədiyini bildirib.
A.Paşazadə ekstremizmə və radikallığa yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini təşkilatların birgə səyləri ilə qalib gəlinə biləcəyinə əminliyini ifadə edib.
F.İsazadə