Rəsmi Bakı Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirməyi planlaşdırır.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı Frank-Valter Ştaynmayerə məktub göndərib.
"Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi UNESCO-nun rəsmi bayramları siyahısına daxil edilib. Bu xüsusda, bayram tədbirlərinə dəstək məqsədilə Azərbaycan Almaniya və Gürcüstanla birlikdə UNESCO-nun qərargahında, Bakı, Göygöl, Berlin, Ştutqart və Tiflis şəhərlərində bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutub", - deyə məktubda qeyd olunur.
Nazir Azərbaycan hökumətinin hər zaman Almaniya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.
1947-ci ildə Bremen muzeyindən götürülən məşhur rəssamlar Rembrant van Reyn, Albrex Durur, Nikola Pussin, Antoni van Duk, Jakob van Ruisdal və digərlərinin rəsm əsərlərinin 1999-cu ildə prezident Heydər Əliyevin sərəncamına əsasən Almaniyaya geri qaytarıldığını diqqətə çatdıranE.Məmmədyarov, XIX-XX əsrlərdə alman arxitektorlar Nikolaus von der Nonne və Adolf Eixler tərəfindən layihələndirilən çoxsaylı arxitektur binaların hələ də Bakı və digər şəhərlərin küçələrinin ruhunu oxşadığını bildirib. Məktubda alman mühacirlər tərəfindən tikilən binaların, xüsusən də dörd kilsənin son bir neçə il ərzində təmir edildiyi də qeyd olunub.
Məktubda həmçinin xatırladılır ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi almaniyalı həmkarları və digər maraq göstərən tərəflərlə birlikdə ölkəmizin müxtəlif regionlarında məskunlaşan alman mühacirlərin həyatını əks etdirən “Azərbaycanda Alman Məskənləri” adlı layihə hazırlayıb. Layihənin tərkib hissəsi kimi Gədəbəydə Siemens muzeyinin abadlaşdırılması və bərpası, Göygöldə Regional Muzeyin abadlaşdırılması və bərpası, Göygöldə ənənəvi eko-hotelin abadlaşdırılması və bərpası, Şəmkirdə Alman İrsi Mərkəzinin abadlaşdırılması və bərpası planlaşdırılıb.
E.Məmmədyarov məktubda sözügedən layihənin 25-27 aprel tarixlərində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda təqdim edildiyini və böyük maraqla qarşılandığını da əlavə edib. O, bu mədəni tədbirlərin hər iki xalq arasında körpü rolunu oynayacağına inandığını bildirib.*
R.Babayev