Hesablama Palatası büdcə vəsaitlərinin məqsədli istifadəsinin təkmilləşdirilməsinə və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasının təmin edilməsinə yönəlmiş 19 təklif hazırlayıb. Bu barədə Palatanın sədri Vüqar Gülməmmədov məlumat verib.
"2015-ci il dövlət büdcəsinin icrasının təhlili əsasında 19 təklif hazırlamışıq", - deyə o, “Xalq Qəzeti”nə müsahibəsində bildirib.
Palata sədrinin sözlərinə görə, bu təkliflər vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi dərəcələrinin optimallaşdırılması, vergidən yayınma hallarının minimuma endirilməsi, vergitutma bazasının genişləndirilməsi, büdcə xərclərinin effektivliyinin artırılması ilə bağlıdır.
"Biz həmçinin dövlət borcunun idarə edilməsi sahəsində strategiyanın hazırlanmasını da məqsədəmüvafiq hesab edirik", - deyə V.Gülməmmədov əlavə edib.
Hesablama Palatası büdcə xərclərinin effektivliyinin təmin edilməsi, dövlət əsaslı vəsait qoyuluşlarının maliyyələşdirilməsi üçün müxtəlif dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə yenidən baxılmasını təklif edir.
"Bizim qiymətləndirmələrimizə görə, bu təkliflər büdcə xərclərinin şəffaflığının artırılmasına, maliyyə nəzarətinin gücləndirilməsinə imkan verəcək. Buna görə də qanunvericilik də təkmilləşdirilməlidir", - deyə sədr qeyd edib.*
A.Əzizov