Türkiyənin “Petkim” neft-kimya kompleksinin bir sıra əməkdaşlarının saxlanılması hüquq çərçivəsində həyata keçirilir. Bu barədə Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşğun məlumat verib.
“Petkim”in bir sıra əməkdaşlarının saxlanılması hüquq çərçivəsində həyata keçirilir və Türkiyədə baş verən son hadisələrlə əlaqədardır. Xainlər cəzalandırılacaq, günahsızlar bəraət qazanacaq. Ölkəmiz bu işi diqqətlə araşdırır”, - deyə səfir cümə günü jurnalistlərə bəyan edib.
O qeyd edib ki, “Petkim” Azərbaycan-Türkiyənin vacib layihəsidir, Azərbaycan isə Türkiyənin ciddi tərəfdaşı və bu ölkənin iri sərmayəçisidir.
Xəbər verilib ki, avqustun 2-də “Petkim” kompleksinin ərazisində Fətullah Gülənin hərəkatının tərəfdarlarına qarşı əməliyyata başlanıb.
Bundan başqa, “Petkim”in rəhbəri Sadəddin Korkutun F.Gülənin hərəkatı ilə əlaqələrdə şübhəli bilinərək saxlanıldığı barədə məlumat verilib. Həmçinin son günlər ərzində kompleksin müxtəlif departamentlərindən 27 nəfər vəzifəsindən azad olunub. **
F.İsazadə