ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri və ya xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır. Bu barədə ATƏT-in saytında dərc edilmiş bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyu (Fransa) və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Dağlıq Qarabağ münqaişəsinin həlinə dair danışıqlar aparmaq üçün Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüş keçirib.
“Görüş zamanı biz Vyana (2016-cı ilin may ayı) və Sankt-Peterburq (2016-cı ilin iyun ayı) sammitlərində qəbul olunmuş qərarların icrasına xüsusi önəm verdik. Xüsusilə də münaqişənin həllinə yönələn danışıqlarüçün münbit atmosfer yaratmaq üçün gələcək addımları müzakirə etdik”, - deyə bəyanatda bildirilir.
Bundan başqa, tərəflərin müzakirə edə biləcəyi təkliflər barədə fikir mübadiləsi aparılıb.
“Bizim hökumətlər iki ölkənin prezidentləri və ya xarici işlər nazirlərinin münasib zamanda görüşünü təşkil etməyə hazırdır. Biz yaxın gələcəkdə regiona səfər etməyi də planlaşdırırıq", - deyə bəyanatda vurğulanır.*
A.Əzizov