Prezident İlham Əliyev Azərbaycan idmançılarının Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirakını uğurlu hesab edir.
“Komandamız çox yaxşı çıxış edib. Biz bu Oyunlarda 24 idmançı ilə təmsil olunmuşuq və 11 medal qazanmışıq.Onlardan biri qızıl, səkkizi gümüş, ikisi isə bürünc medaldır”, - deyə İ.Əliyev cümə günü Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşdə qeyd edib.
Prezident bildirib ki, Azərbaycan komandası aparıcı Paralimpiya yığmalarının sırasına daxildir.
O həmçinin Azərbaycan əsas yığmasının Rio de Janeyro şəhərindəXXXI YayOlimpiya Oyunlarında iştirakını yüksək qiymətləndirib.
“Bildiyiniz kimi, sizdən əvvəl bizim Olimpiya komandamız da Rioda çox yaxşı nəticələr göstərdi, 18 medal qazanmışdı. Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 29 medal qazanmışlar. Bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident bildirib ki, idmanın inkişafı Azərbaycan dövlətinin siyasətinin əsas prioritetlərindən biridir.**
R.Babayev