Azərbaycan prezidenti İlham Əliyev dünya siyasətçilərini Avropada faşizmin yeni dalğasına səbəb ola biləcək ksenofobiya və islamofobiyanın inkişafı tendensiyasının qarşısını almağa çağırır.
“Bu gün bəzi dünya siyasətçiləri və ekspertlər İslamı terrorla əlaqələndirərək bu din barədə mənfi imic formalaşdırırlar. Onlar bu zaman unudurlar ki, terrorçuluqdan daha çox məhz islam dövlətləri əziyyət çəkir”, - deyə I.Əliyev bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxışında bəyan edib.
Onun sözlərinə görə, bir çox Avropa siyasətçiləri miqrantları dəstəkləyərək onları öz ölklərində qəbul etməyə hazır olduqlarını bəyan edirlər.
“Düzdür, onlar miqrantları qəbul etməyə hazır olduqlarını bildirirlər. Lakin bununla belə əlavə edirlər ki, müsəlmanları yox. Bu, Avropada yenidən faşizmin baş qaldırması demək deyilmi? Ən maraqlısı odur ki, beynəlxalq təşkilatlar bu cür tendensiya və bəyanatlara fikir verməməyə çalışırlar”, - deyə prezident vurğulayıb.
İ.Əliyev bu cür məsələlərin açıq şəkildə müzakirəsinin zəruriliyini qeyd edib. “Avropada radikal meyllərin, o cümlədən ksenofobiya və islamofobiyanın inkişafına birgə əngəl olmaq lazımdır. Əks halda bütün bunlar faşizmin yeni dalğasına səbəb ola bilər”, - deyə Azərbaycan prezidenti bəyan edib. **
R.Babayev