Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi fəaliyyətlə məşğul olan gənclərinin sayının artırılmasını qarşısına məqsəd qoyur. Bu barədə AMEA prezidenti Akif Əlizadə bəyan edib.
“Elmin populyarlaşdırılması və müasir gənclərin elmi fəaliyyətə fəal cəlb edilməsi Azərbaycanda keçirilən Elm Festivalının əsas məqsədidir”, - deyə A.Əlizadə bu gün II Elm Festivalının açılış mərasimində bildirib.
Onun sözlərinə görə, tələbələr və gənc müətəxəssislər festival iştirakçılarının əksər hissəsini təşkil edirlər.
“AMEA Azərbaycanda elmin inkişafına layiqli töhfə verməyə hazır olan gənc elmi kadrların tərbiyəsinə böyük önəm verir”, - deyə A.Əlizadə vurğulayıb.
O qeyd edib ki, AMEA Azərbaycanda həyata keçirilən təhsil sistemində islahatı dəstəkləyir və cari il 100-dən artıq magistr hazırlamağı planlaşdırır. “Hazırda AMEA-da 75 magistr təhsil alır və biz bu qabaqcıl gəncliyin milli elmin inkişafı ilə məşğul olan mütəxəssislərin sırasına daxil olması üçün səy göstəririk”, - deyə A.Əlizadə bəyan edib.
Onun sözlərinə görə, bu gün ölkədə elmin populyarlaşdırılması üçün hər şey edilir. “Təsadüfi deyil ki, festival elmin populyarlaşdırılması və intelektual gənc kadrların elmi fəaliyyətinə cəlb edilməsi şüarı altında keçirilir. Bu festival ən qabaqcıl layihə və proqramların icrası ilə məşğul olan ölkənin intellektual qüvvələrini birləşdirir”, - deyə A.Əlizadə qeyd edib. **
R.Babayev