Azərbaycan-Rusiya birgə müəssisəsi "Hayat pharm" 2020-ci ildən etibarən tam gücü ilə fəaliyyət göstərəcək. Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməlqoyma mərasimindən sonra bildirib.
«Zavodun illik istehsal gücü 22,5 mln. qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. İlkin mərhələdə zavodda 89 çeşiddə dərman istehsal olunacaq», - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, layihə mərhələli şəkildə həyata keçiriləcək. «İlin sonundan başlayaraq infrastrukturun yaradılması istiqamətində işlər görüləcək. Gələn il isə istehsal sahələrinin yaradılması üzrə işlər həyata keçiriləcək», - deyə o bildirib.
Ş.Mustafayev əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda bir neçə əczaçılıq zavodunun tikintisinə başlanılacaq. Hazırda bu məsələ ilə bağlı bir sıra ölkələrlə danışıqlar aparılır.
«İran, Türkiyə və bir sıra Avropa ölkələri ilə birgə dərman istehsalı ilə bağlı danışıqlar aparılır. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycanda daha bir neçə əczaçılıq zavodunun tikintisinə başlanılacaq», - deyə o bildirib.
“Hayat Pharm” əczaçılıq şirkətinin təməlqoyma mərasimində Azərbaycan İnvestisiya Şirkəti, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətinin nümayəndələri iştirak edib. Zavodun investisiya dəyəri $74 mln. təşkil edir.
İstehsal ediləcək məhsulların Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya bazarlarında satışının təşkili planlaşdırılır. Artıq dünyanın aparıcı əczaçılıq müəssisələrindən biri Azərbaycanda yaradılacaq əczaçılıq istehsalı müəssisəsində özünün patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkili niyyətini ifadə edib.*
A.Axundov