Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalanma mərasimi keçirilib. Bu barədə Mərkəzin mətbuat xidməti məlumat verib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, tərəflər memorandum çərçivəsində elmin kommersiyalaşdırılması, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilini planlaşdırır.
Eyni zamanda, AMEA və İİTKM birgə islahat təşəbbüsləri ilə çıxış etmək niyətindədir.
Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı dünya iqtisadiyyatında elmi araşdırmalara 2 trilyon ABŞ dollarından artıq vəsaitin xərcləndiyini diqqətə çatdırıb. “Qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Azərbaycanın elmi potensialı qlobal trendlərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verəcək. Azərbaycan bilik iqtisadiyyatı quruculuğu istiqamətində islahatları davam etdirəcək”, - deyə o qeyd edib. **
R.Babayev