Azərbaycan hökuməti 2017-ci ildə qeyri-neft sektorunda ÜDM-nin real artımını 2,5% səviyyəsində proqnozlaşdırır. Bunu Milli Məclisin 5 komitəsinin bu gün keçirilən birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
«2017-ci ildə ÜDM-nin real artımı 1%, qeyri-neft sektorunda - 2,5% səviyyəsində proqnozlaşdırılır», - deyə o bildirib.
Nazirin sözlərinə görə, 2016-cı ilin yekunları üzrə ÜDM-nin 2,8% azalacağı gözlənilir, ÜDM-nin nominal həcmi 58,8 mlrd. manat təşkil edəcək.
«Davam edən qlobal iqtisadi böhran 2014-cü ilin ikinci yarısından etibarən neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub ki, nəticədə Azərbaycanda yeni makroiqtisadi mühit formalaşıb», - deyə S.Şərifov qeyd edib.*
A.Axundov