Bakı Varşavanı Azərbaycan üçün vacib və etibarlı tərəfdaş hesab edir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
E.Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.
«Polşa Azərbaycan üçün vacib və etibarlı tərəfdaşdır və ölkəmiz ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır», - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən XİN başçısı sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminliyini ifadə edib.
O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açıb. Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırıb.
Görüş əsnasında E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib.
Nazir V.Vaşçikovski Polşanın Azərbaycanla ikitərəfli və çoxtərəfli əsasda hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırki durumundan məmnunluq ifadə olunub, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.*
F.İsazadə