Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı ildə 300 nəfərə yaxın vəzifəli şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Bu barədə baş prokuror Zakir Qaralov məlumat verib.
“2016-cı ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən dövlət və özəl sektorun 298 vəzifəli şəxsi barəsində 182 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib”, - deyə o, bu günBaş Prokurorluqda 2016-cı ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
Baş prokuror qeyd edib ki, həmin işlər üzrə vurulmuş 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilib, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub”, - deyə o vurğulayıb.*
R.Babayev