2017-ci il Azərbaycanda İslam Həmrəyliyi ili elan edilib. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bu ilin may ayında Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları böyük önəm daşıyır. Bu Oyunların keçirilməsi ilə biz bir daha gücümüzü, imkanlarımız və dini dəyərlərimizə sadiqliyimizi nümayiş edəcəyik. Biz İslam dünyasını birləşdirməyə çalışacağıq”, - deyə İ.Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, İslam dünyasının bölünməsinə imkan vermək olmaz.
“Bizi ayırmağa, aramıza nifaq salmağa, qarşıdurma yaratmağa çalışanlar məqsədlərinə çatmamalıdırlar. Azərbaycan İslam dünyasında böyük hörmətə malikdir. Çünki biz düzgün, səmimi, ədalətli, prinsipial və mərd siyasət yürüdürük. Bu səbəbdən, 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi ili elan edirəm”, - deyə o vurğulayıb. **
F.İsazadə