2016-cı ildə Azərbaycanın hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmiş 58 nəfər Azərbaycan Respublikası vətəndaşlığını itirib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
“58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib”, - deyə o bildirib.
F.Nəbiyev əlavə edib ki, görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.*
R.Babayev