Prezident İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində bir sıra sosial obyektlərin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib.
Layihə çərçivəsində Culfa şəhərində 34,5 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilib.
Bununla da Culfa şəhəri və Gülüstan kəndində 25 min 700 nəfər təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin edilib.
Dövlət başçısı Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş 7 mərtəbəli yaşayış binasının açılışında da iştirak edib.
Bundan başqa, İ.Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib və silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.
Prezident Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimlərində iştirak edib. O, məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edib.*
R.Babayev