Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası beynəlxalq təşkilatları Ermənistanın təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin geri qaytarılması məqsədilə İrəvana təsir etmək üçün müraciət edib.
“Əvvəllər də belə hallara yol verildiyini və meyitləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır”, - deyə Komitənin beynəlxalq təşkilatlara ünvanladığı müraciətdə deyilir.
Dövlət Komissiyası Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir.
2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Çingiz Qurbanov itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.
Azərbaycan tərəfi Ç.Qurbanovun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.Lakin, Ermənistanın rəsmi orqanları beynəlxalq strukturların təkidli müraciətlərinə cavab vermir. **
R.Babayev