Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerə məktubla müraciət edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
“Təşkilatınızın mandatı çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq əsgər Çingiz Qurbanovun meyitinin geri qaytarılmasına köməklik göstərməyinizi sizdən xahiş edirəm”, - deyə məktubda qeyd olunub.
2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Çingiz Qurbanov itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.
Azərbaycan tərəfi Ç.Qurbanovun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.Lakin, Ermənistanın rəsmi orqanları beynəlxalq strukturların təkidli müraciətlərinə cavab vermir. **
R.Babayev