MoskvaRusiya və İsrail vətəndaşlığı olan bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasının əleyhinədir.
"Biz bu və ya digər ölkədə saxlanılan RF vətəndaşlarının üçüncü ölkəyə ekstradisiyasının əleyhinəyik", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycanın sorğusu əsasında Belarusda saxlanılan blogerin taleyi ilə bağlı jurnalistlərin sualına cavab verərkən bildirib.
Nazir vurğulayıb: “Biz istənilən jurnalist və şəxsin bu və ya digər regionda hər hansı ərazini ziyarət etməsinin kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik”.
“Biz Lapşinlə diplomatik təmasda olmuşuq”, – deyə S.Lavrov qeyd edib.
"Yeri gəlmişkən, biz onun eyni zamanda İsrail vətəndaşı olduğunu bilirik və İsrail diplomatları da onunla təmasda olublar. Bütün tədbirləri görəcəyik ki, bu məsələ hər iki ölkənin vətəndaşı olan şəxsin bütün hüquqlarının qorunması şərti ilə həll olunsun”, - deyə o əlavə edib.*