“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Ağdam” gəmi-bərəsinin əsaslı təmir işlərini başa çatdırıb. Bu barədə QSC-nin məlumatında deyilir.
“2016-cı ilin dekabrından“Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. Gəmi-bərənin baş və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Eyni zamanda, “Ağdam”ın bütün sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib”, - deyə məlumatda bildirilir.
“Ağdam” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşıyacaq.
Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 Ro-Ro tipli gəmi vardır. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir.*
N.Abbasova