Bakı Qarabağ cəbhəsi Tərtər rayonunun Talış kəndi istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılan Elnur Hüseynzadənin azad edilməsi ilə bağlı zəruri tədbirlər görür. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
“Dövlət Komissiyası tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Elnur Hüseynzadənin azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıbvə zəruri tədbirlər görülür”, - deyə məlumatda deyilir.
Öncə Müdafiə Nazirliyindən məlumat verilib ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır. Cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib. Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil. **
F.İsazadə