Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan ərazilərinin işğalına son qoymaq məqsədilə beynəlxalq səviyyədə Ermənistana təzyiq göstəməyin zəruri olduğunu qeyd edib.
“Bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasəti barədə məsələni qaldırmaq lazımdır”, - deyə Türkiyə mətbuatı R.Ərdoğanın Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü Sammitində çıxışından sitat gətirir.
Prezident Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ECO platformasının istifadəsinin zəruriliyini qeyd edib. “Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, həll olunmamış qalır. Bu münaqişənin nizamlanması üçün İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində təsirli addımlar atmaq lazımdır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini bütün tədbirlərdə qaldırmaq lazımdır”, - deyə R.Ərdoğan bildirib.
Onun sözlərinə görə, İƏT nəinki iqtisadi, həm də siyasi xarakter daşıyır.
“İƏT-in iqtisadi təşkilat olmasına baxmayaraq, onun əsas məqsədi siyasi çərçivədə görünür. Siyasətdən kənar heç bir addım atmaq olmaz”, - deyə R.Ərdoğan vurğulayıb. **
R.Babayev