Bakı Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır. Bu sözləri prezident İlham Əliyev deyib.
«Regional əməkdaşlıq və bütün qonşularımızla yaxşı münasibətlər bizim üçün prioritetdir. Biz Aİ ölkələri ilə çox möhkəm münasibətlər qura bilmişik, təşkilata üzv olan 9 ölkə ilə strateji əməkdaşlığa dair ikitərəfli sazişlər imzalamışıq», - deyə dövlət başçısı bu gün V Qlobal Bakı Forumunda çıxışı zamanı vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin 20%-ni işğal etmiş Ermənistan istisna olmaqla, bütün ölkələrlə gözəl münasibətlərə malikdir. «Bir çox Avropa ölkələri Azərbaycana təkcə onun enerji resurslarına görə deyil, həm də bir sıra vacib səbəblərdən strateji tərəfdaş kimi yanaşır», - deyə prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlərini öz milli maraqlarına uyğun olaraq qurur.
«Aİ ilə assosiasiya sazişi imzalamaqdansa, daha real yol seçərək əməkdaşlığa dair ayrıca sənəd imzalamağı təklif etdik. Bu, gələcəkdə strateji əməkdaşlığa dair saziş ola bilər. Biz əsassız populizmlə məşğul olmağa deyil, siyasətimizi real vəziyyətə əsaslandırmağa üstünlük veririk», - deyə dövlət başçısı əlavə edib.*
R.Babayev