Bakı və Tbilisi Fars körfəzi və İranın da cəlb olunacağı şərti adı “Cənub-Qərb” tam yeni nəqliyyat layihəsinin reallaşdırılmasına dair tranzit imkanlarını genişləndirmək niyyətindədir. Azərbaycan və Gürcüstan tərəfindən yaradılan əməkdaşlıq formatı nəinki hər iki ölkənin iqtisadiyyatına dividentlər vəd edir, həm də Xəzər dənizi və Qara dəniz arasında regionun gələcək inkişafını müəyyən edir, o cümlədən Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin sülh yolu ilə nizamlanmasına şərait yaradır. Bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili “İnterfaks-Azərbaycan” agentliyinə müsahibsəində bəyan edib.
Bakı və Tbilisi arasında həm ikitərəfli, həm də hərtərəfli əməkdaşlıq formatında siyasi əlaqələri necə qiymətləndirirsiniz?
İkitərəfli münasibətlər barədə deyə bilərəm ki, ən yaxşı səviyyədədir. Mən bu gün (16.03.2017) Gürcüstanın Bakıdakı səfiri Teymuraz Şaraşenidze və Azərbaycan prezidenti İlahm Əliyevlə bəzi məsələlər barədə danışmışıq.
Qeyd etmək olar ki, ölkələrimiz arasında tam qarşılıqlı anlaşma, hörmət və harmoniya hökm sürür. Regionun iki ölkəsi kimi qlobal və regional inkişafa dair ümumi rəyimiz var. Bu amil imkanlarımızı daha da dərinləşdirir.
Regionumuzun geosiyasi durumu və Gürcüstan və Azərbaycanın yaratdığı format Xəzər dənizi və Qara dəniz arasında regionun gələcəkdə real necə inkişaf edəcəyini müəyyən edir. Bu, nəinki Gürcüstan və Azərbaycana aid olan, həm də Asiya və Avropanın qlobal bazarlarını birləşdirən birgə enerji və nəqliyyat layihələridir.
Əməkdaşlığımızın hazırki mərhələsində daha bir yeni təşəbbüs inkişaf etməkdədir. Vurğulamaq istərdim ki, İlham Heydər oğlu bu prosesdə böyük rol oynayır. Bu, İran istiqamətində çox maraqlı layihənin inkişafıdır. Bu, qlobal iqtisadi prosesə Fars körfəzi də qoşulur. Həmçinin, Gürcüstan bu layihənin inkişafında maraqlıdır. Çünki “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafını həmçinin “Cənub-Qərb” nəqliyyat dəhlizinin inkişafı kimi qəbul etmək olar. Bu mənada Gürcüstan və Qara dəniz mühüm rol oynayacaq.
Təbii ki, bizim sələflərimiz Heydər Əliyev və Eduard Şevardnadze dövlətlər arasında dostluq əlaqələrini və regionun gələcəyini inkişaf etdiriblər. Belə ki, hazırki qlobal əlaqələr, layihələr yaranıb və reallığa çevrilərək zamanla daha da dərinləşib.
Əgər xatırlayırsınızsa, o zaman maraqlı tərəf olan Türkiyə də bu prosesə qoşulmuşdu. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı stabil iqtisadi və siyasi istiqamət kimi artıq formalaşıb.
Siz Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatına toxundunuz. Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammitinin nə zaman keçirilməsi gözlənilir?
Sammit Bakıda təşkil olunmalıdır (tarix hələ müəyyən edilməyib - İF). İlk sammit Tbilisidə keçirilib. İlham Heydər oğlu, Türkiyə prezidenti Abdulla Gül ilə fəal əməkdaşlığımız olub. Təbii ki, bu istiqamətdə fəal çalışacağıq. Mən artıq mühüm layihələrə toxundum. Düşünürəm ki, sammitə qədər Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatacaq, həmçinin TAP və TANAP layihələrinin əsas hissəsi yerinə yetiriləcək. Türk tərəfdaşlarımız da bu məsələdə fəal iştirak edirlər.
Cənab prezident, 2016-cı ildə həm Gürcüstan, həm də Azərbaycan iqtisadi çətinliklərlə üzləşdi, bu da 2015-ci ildə formalaşan vəziyyətin davamına çevrildi. 2017-ci ildə iki ölkə arasında gələcək iqtisadi inkişafı təmin etmək məqsədilə hansı tədbirlər görmək lazımdır, qarşılıqlı ticarət və investisiyaların artırılması üçün Azərbaycan və Gürcüstan nə etməlidir?
Bu gün Azərbaycan bizim ikinci iri ticarət tərəfdaşımızdır. Azərbaycan Gürvüstanda №1 investordur. Qeyd etdiyim kimi, biz qlobal iqtisadi layihələri inkişaf etdiririk. Təbii ki, regionda yaradılan problemlər iqtisadiyyatlarımıza da təsir göstərib. Lakin, biz tədrcən bu şok vəziyyətindən çıxış yolu tapırıq. Əlbəttə ki, bu vəziyyətə düşməyimizdə yaxşı heç nə yoxdur. Ancaq, yenə də bu il Gürcüstanda 3-4% səviyyəsində iqtisadi artıma ümid edirik. Bəli, bu ideal rəqəmlər deyil, lakin yenə də artımdır. Mənfi proseslərin ciddi təsirinə məruz qalan valyutamızı bir qədər stabilləşdirməyə müvəffəq olmuşuq.
Mövcud layihələrin dərinləşməsi bizim üçün böyük önəm kəsb edəcək. Bildirdim ki, həmin layihələr inkişaf edir, iqtisadiyyata, büdcə gəlirlərinin artımına yardım edir. Bakı-Tbilisi-Qars layihəsini nəzərdə tuturam. Bundan başqa, Əfqanıstandan Türkmənistan, Bakı, Gürcüstandan keçməklə Avropaya tamamilə yeni nəqliyyat dəhlizi layihəsi inkişaf edir. «Lapis lazuli» layihəsi olduqca maraqlı layihədir. Yenə də İran istiqamətini qeyd etmək istərdim. Bütün bu qlobal layihələr ölkələrimizin iqtisadi sabitliyini möhkəmləndirir.
Bəli, iqtisadiyyatımızda konkret problemlər var. Bu, məşğulluq, kiçik bizneslə bağlı problemlərdir. Müxtəlif dövlət proqramları hesabına həmin problemləri aradan qaldırmağa çalışırıq. Lakin, qlobal layihələr hər zaman iqtisadiyyatın inkişafı üçün əsas yaradır. Bu mənada ölkəmizdə mövcud tranzit potensiallarını maksimal dərəcədə uyğunlaşdrmağa və daha çox ölkələr cəlb etməyə çalışırıq. Bu əlaqələri Gürcüstan və Azərbaycandan kənarda nə qədər çox aktivləşdirsək, bu ölkələrimizin bir o qədər iqtisadi artımına şərait yaradacaq
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional formatda iqtisadi əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz? Azərbaycan-Gürcüstan-İran, həmçinin Xəzər və Qara dəniz regionunda, o cümlədən GUAM çərçivəsində bu cür əməkdaşlığın qurulması mümkündürmü?
Bu istiqamətdə fəal çalışırıq. Xəzər regionu və Mərkəzi Asiyada - Qırğızıstan, Türkmənistandan olan dostlarımızla çox vaxt əməkdaşlıq etməyə çalışıram. Qazaxıstanla münasibətləri intensivləşdirməyə cəhd göstərirəm.Bütün bunlar iki və üç ölkənin deyil, daha qlobal regionun ehtiyatlarının Qara dəniz və Qara dəniz ətrafı əməkdaşlığa yönəldilməsinə dair ümumi mənzərə yaradır. Bu mənada biz çox fəalıq, Çin ilə işləməyə başlayırıq. Keçmiş Sovet İttifaqı ölkələri, Türkiyə, Avropa ilə azad ticarətimiz var. Yaxın gələcəkdə Çin ilə də azad ticarətimiz olacaq. Beləliklə, iqtisadi sahədə sərmayələr və ticarət üçün açıq ölkəyik.
Bu günə Çin və digər ölkələrlə infrastruktur layihələrini fəal inkişaf etdiririk. Biz gələcəkdə Qara dəniz sahilində yeni liman açmağı planaşdırırıq. Təbii ki, bütün bu resurslar biznes üçün intensiv və rahat format yaradır.
İnfrastrukturdan başqa, tariflərin uyğunlaşdırılmasına dair əməkdaşlıq edirik. Artıq real olaraq, yüklər Çindən dəmir yolu sistemi və bərə daşımalarının fəal inkişaf etdiyi Xəzər regionundan, sonra Bakı-Tbilisi-Qars vasitəsilə birbaşa Avropaya nəql oluna bilər. Bu, daha ucuz, uyğun və siyasiləşdirilməyən sürətli yoldur. Təbii ki, biz İranın da bu prosesə cəlb olunmasında maraqlıyıq. Beləliklə, region böyük imkanlar yaradır.
Azərbaycan və Gürcüstan artıq uzun müddətdir ki, həll olunmamış münaqişələr problemi ilə üzləşir və bu istiqamətdə vəziyyət ildən ilə daha da pisləşir. Bu problemlər həm də Qarabağda keçirilmiş “referendum”la, o cümlədən bu ilin may ayında keçirilməsi planlaşdırılan “Cənubi Osetiyanın Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı referendum"la şərtlənib. Necə düşünürsünüz, bu münaqişələrin həllini müsbət müstəviyə yönəltmək üçün Bakı və Tbilisi hansı tədbirləri görməlidir?
Biz artıq sizinlə layihələr haqqında danışmışıq və onların bütün region üçün iqtisadi faydasını müzakirə etmişik. Bu layihələr ilk növbədə, regionda sülh və sabitliyin qorunub saxlanılmasını nəzərdə tutur. Onlar, həmçinin Asiyada və Avropada sülhdə maraqlı olan dostlarımızın sayının artırılmasına yönəlib. Biz regionda münaqişələrin sülh danışıqları yolu ilə nizamlanmalı olduğunu, həll olunmamış münaqişələrin heç bir tərəf üçün müsbət fon yaratmadığını dərk edirik.
Məsələn, götürək Gürcüstan münaqişələrini. Bu, Rusiyanın işğal etdiyi Abxaziya, Cənubi Osetiya, Tsxinvali regionunda münaqişələrin heç kimə xeyir gətirmədiyinin bariz nümunəsidir. Bu münaqişələr adıçəkilən regionların əhalisinin rifahını yaxşılaşdırmadı. Yəni Abxaziyada və Cənubi Osetiyada yaşayan insanların, vətəndaşlarımızın artmalı olan imkanları, həyat səviyyəsi işğaldan sonra pisləşdi. Bu, Gürcüstan üçün böyük problemdir. Birincisi, bizim ərazi bütövlüyümüz və müstəqilliyimiz qorunmayıb, digər tərəfdən, Rusiya Federasiyasının qoşunları həmin ərazilərdədir. Bu da bizim üçün problemdir, çünki vətəndaşlarımız vahid dövlət prosesinə inteqrasiya etmək imkanına malik deyillər. Bu, eyni zamanda Rusiya üçün də problemdir, çünki Gürcüstan ərazilərinin işğalı Rusiyaya və rusiyalılara firavanlıq gətirməyəcək.
Tbilisi və Bakı bu istiqamətdə hər hansı əlavə birgə fəaliyyəti müzakirə edirmi?
Biz aydın şəkildə deyirik ki, danışıqlar prosesinə inanırıq və öz əqidəmizdə möhkəm dururuq. Biz bu münaqişələrin sülh yolu ilə həlli prosesinə müxtəlif ölkələrin geniş miqyasda cəlb olunduğuna inanırıq. İnanırıq ki, hər şeyi görən, anlayan, münaqişənin həllində maraqlı olan və rasional prosesə daxil edilən beynəlxalq birlik hansısa bir anda beynəlxalq hüquq əsasında hamımıza bu problemli məsələləri həll etməyə kömək edəcək.
Biz bu gün (qeyd: 16.03.2017-ci il) forumda (V Qlobal Bakı Forumu) onu da müzakirə etdik ki, beynəlxalq hüququn mövcud olmasına baxmayaraq, bu qərarların həyata keçirilmə mexanizmləri heç də həmişə mövcud olmur. Və yaxşı olardı ki, hüquq sadəcə mövcud olmasın, həm də real həyatda da tətbiq edilsin. Hər şeyə rəğmən biz münaqişələrin həlli prosesini əhalinin maraqlarının və regionda əməkdaşlıq vasitəsilə yaratdığımız imkanların üstünlük təşkil etməli olduğu proses hesab edirik. Hansısa bir məqamda bu, regionda mövcud olan bütün aqressiv vəziyyətə qalib gələcək.
Cənab Marqvelaşvili, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı və qeyd etdiyimiz kimi, Cənubi Osetiya "Rusiya Federasiyasının tərkibinə daxil olma ilə bağlı referendum" keçirməyi planlaşdırır. Bu halda Moskva ilə münasibətlərin normallaşmasını necə görürsünüz?
Birincisi, bu, referendum deyil. Referendum xalqın azad iradəsinə əsaslanır. Adətən referendumlar bütün ölkə ərazisində keçirilir. Ölkələrin hissələrində referendumlar keçirilmir. Amma işğal altında olan Tsxinvali və Suxumi Gürcüstanın sadəcə işğal edilmiş hissələri deyil. Onlar həm də Gürcüstanın etnik təmizlənmə aparıldığı hissələridir. Buna görə Rusiya Federasiyasının işğal edilmiş ərazilərdə hüquqi prosesi imitasiya etməsi beynəlxalq münasibətlərin və ya hansısa hüquqi proseslərin imitasiyasından başqa bir şey deyil.
Və əgər Cənubi Osetiyada referendum keçirilsə və bu region Rusiya Federasiyasına birləşdirilsə, rəsmi Tbilisi hansı addımları atacaq?
Rusiya işğal etdiyi Gürcüstan əraziləri ilə əməkdaşlığa dair sazişi çox qəribə formatda rəsmiləşdirib və bu inteqrasiya prosesi vasitəsilə bunu guya beynəlxalq proseslərə bənzədir. Bu, Rusiya və işğal edilmiş ərazilər üçün özünü aldatmadır. Çünki bu, beynəlxalq hüquqa və beynəlxalq münasibətlərə inanan heç kim tərəfindən heç yerdə və heç vaxt tanınmayacaq. Bu proseslərə, təəssüf ki, Rusiya tərəfindən təşəbbüs edilib. Bu göz qabağındadır, çünki Rusiya orada fəal şəkildə siyasət yürüdür. Bu, real olaraq onun tərəfindən işğal edilmiş ərazilərdir. Ona görə də nə biz, nə də beynəlxalq birlik bu referendumu tanımayacağıq. Bu, Rusiyanın öz qonşularına qarşı yürütdüyü təcavüzkar siyasətin daha bir presedenti olacaq. Biz sadəcə nə üçün Rusiyanın Gürcüstanla qarşıdurma tendensiyasını davam etdirdiyini anlamırıq.
Gürcüstanda Sizin təşəbbüsünüzlə “Konstitusiya hamı üçün” şərti adlı kampaniya başlayıb. Bu kampaniyanın keçirilməsində məqsəd nədir və Gürcüstan xalqına nə verəcək?
Konstitusiya hamı, xüsusilə mənim üçün emosional layihədir. Çünki inanıram ki, Konstitusiya vahid cəmiyyət, vahid ölkə kimi cəmiyyətin bütün üzvləri üçün əsas əlaqələndirici sənəddir.
Konstitusiyaya yenidən baxılması prosesində və Konstitusiya ilə bağlı müzakirələrdə mən tez danışmaq və xalqla birlikdə düşünmək imkanına malik oluram. Bu proses çox maraqlı nəticələr verir, çünki gürcülər fəal şəkildə ona qoşulublar. Onlar öz fikirlərini söyləyirlər. Və təbii ki, bu, mənim üçün xalqla emosional ünsiyyət formatıdır.
2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyinizi irəli sürmək fikriniz varmı?
2018-ci illə bağlı hələ qərar verməmişəm. Konkret qərar qəbul edən kimi hamı bu haqda biləcək.
Cənab prezident, müsahibəyə razılıq verdiyiniz və vaxt ayırdığınız üçün Sizə bir daha təşəkkür edirəm.
Söhbət etdi Fərdin İsazadə
Foto: Əziz Kərimov