Cari ilin may ayında Portuqaliyada Azərbaycanın turizm potensialının təqdimatı keçiriləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ə.Qarayev martın 28-də Portuqaliyanın Azərbaycandakı səfiri Paula Leal da Silvanı qəbul edib.
“Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Ə.Qarayev Portuqaliyanın mədəniyyət nazirindən ünvanlanmış dəvətə görə təşəkkür edib və cari ilin may ayının ortalarında bu ölkəyə səfərinin nəzərdə tutulduğunu bildirib”, - deyə məlumatda vurğulanır.
Görüş zamanı sözügedən səfər çərçivəsində ölkəmizin zəngin mədəni irsinin təbliğatı ilə yanaşı, turizm potensialının təqdimatının təşkilinin zəruriliyi də qeyd olunub.
“Həmçinin iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair müvafiq hüquqi bazanın yaradılması istiqamətində görülən işlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.*
F.İsazadə