Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihi aprelin 25-27-də Azərbaycana səfər edəcək. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Energetika naziri Natiq Əliyev ilə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Messad İbrahim Əl-Sulaiminin görüşündə nazir Xalid Əl Falihinin aprelin 25-27-də Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb. Energetika naziri bu səfəri enerji əməkdaşlığında mühüm hadisə kimi qiymətləndirib”, - deyə məlumatda bildirilir.
Nazir Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihlə OPEC çərçivəsində keçirilən tədbirlərdə sıx təmasda olduğunu xatırladıb və Bakı görüşünün əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini deyib.
Səfir uzun müddət "Saudi Aramco" şirkətinə rəhbərlik etmiş nazirin neft-qaz sahəsində böyük təcrübəyə malik olduğunu və Bakı görüşlərinin enerji əməkdaşlığının inkişafına fayda verəcəyini bildirib.
Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin Bakıya səfəri çərçivəsində energetika naziri ilə yanaşı, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşü nəzərdə tutulub.
“Xalid Əl Falihinin öz istəyinə uyğun olaraq Bibiheybət və Səngəçala baş çəkməsi də səfər proqramına daxil edilib”, - deyə məlumatda qeyd olunur.*
N.Ababsova