Lənkəran şəhəri rusiyalı turistlərin 2017-ci ilin yayında səyahət etməyə üstünlük verdiyi MDB şəhərləri arasında dördüncü yerdədir. Bu barədə “TurStat” analitik agentliyinin məlumatında deyilir.
“Rusiyalı turistlər arasında səyahətlər üçün populyar olan MDB ölkələrinin kurortlarının ilk beşliyinə Qazaxıstan, Belarus, Qırğızıstan, Azərbaycan və Ermənistan kurortları daxildir”, - deyə otellərdə nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlili əsasında tərtib olunan reytinqdə bildirilir.
Rusiyalı turistlər arasında populyar olan MDB ölkələrinin kurortlarının beşliyində Borovoye (Qazaxıstan), İssık-Kul (Qırğızıstan), Naroç (Belarus), Lənkəran (Azərbaycan) və Sevan (Ermənistan) yer alıb.
Agentliyin məlumatına görə, rusiyalı turistlər Lənkərana orta hesabla 7, İssık-Kul gölünə 10, Naroç gölünə 8, Borovoye gölünə 12, Sevan gölünə 3 günlüyə gəlir.
“Turistlər Lənkəranda istirahətə görə gündə orta hesabla 70 dollar ödəyəcəklər. Kurorta Moskva, Sankt-Peterburq və Moskva vilayətindən turistlər gəlir”, - deyə məlumatda qeyd olunur.
R.Babayev