Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olan gənclər üçün bina tikir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bəyan edib.
“Bu məqsədlə Abşeron rayonunun Masazır qəsəbəsində 120-125 mənzilli iki binanın inşası gedir”, - deyə nazir müavini Əmək və sosial siyasət komitəsinin “Sosial xidmət haqqında” qanunla bağlı dinləmələrində bildirib.
Bununla belə, onun sözlərinə görə, 2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb.
İ.Rəhimov bildirib ki,hazırda nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq tam dövlət nəzarətində yaşayır
“Bundan başqa, nazirliyin nəzdində fəaliyyət göstərən pansionatda 300-ə qədər ahıl vətəndaşa sosial xidmətlər göstərilir. 12 mindən artıq şəxs öz evlərində sosial xidmətlərlə əhatə olunub”, - deyə nazir müavini əlavə edib.
İ.Rəhimov vurğulayıb ki, müvafiq mütəxəssislərin hazırlanması məqsədilə Peşə Reabilitasiya Mərkəzinə 10 müxtəlif peşə üzrə 800-ə qədər şəxs cəlb edilib, 678 nəfərə müvafiq sertifikatlar verilib. **
R.Babayev