Bakı korrupsiyanın müxtəlif təzahürlərinə qarşı mübarizəyə mühüm əhəmiyyət verir. Bu fikir prezident İlham Əliyevin bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların III görüşünün iştirakçılarına ünvanladığı müraciətdə əks olunub.
«Azərbaycan müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə edib. Ölkədə demokratik institutların fəaliyyəti və insan hüquqları təmin olunur ki, bu da korrupsiyaya qarşı mübarizəyə ayırdığımız diqqətin göstəricisidir", - deyə o qeyd edib.
Müraciəti prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov oxuyub.
Dövlət başçısı müraciətində vurğulayıb ki, Azərbaycan tolerant mühitinin, mədəniyyətlərarası dialoqun, multikulturalizmin inkişafına mühüm əhəmiyyət verir.
“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Biz İƏT-in tədbirlərini ölkəmizdə qəbul etməklə və təşkilatda sədrlik etməklə onun inkişafına töhfə vermişik. Əminəm ki, Bakıda keçirilən bu tədbir əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”, - deyə prezident İ.Əliyev bildirib.*
R.Babayev